Ada mirası: informatikada qadınlar 2017
Qadınların informatika sahəsində peşəkar inkişaf və elmi araşdırma imkanları sizi də maraqlandırır? İnformatikanın canlı əfsanələrindən Professor Cennifer Uidomla görüşmək, beynəlxalq “womENcourage 2017” konfransında iştirak etmək istərdiniz? Elə isə “Ada mirası: informatikada qadınlar” tədbirinə gələ bilərdiniz.
Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 15 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 2-ci ACM tədbirinə dəvət edirdi. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage 2017” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçirilən bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başladı.
ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməli idiniz. Qeydiyyat cümə axşamı, 13 aprel, saat 12:00-da bağlanacaqdı. Tədbir barədə daha geniş aşağıda oxuyun.
“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) tarixi rolunu qeyd edir. Artıq 2-ci il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womENcourage 2017” konfransında iştirak etməyə həvəsləndirmək idi.
Ötənilki tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi. Bu dəfə onlar tədbir iştirakçıları ilə konfrans təcrübələrini bölüşdülər. Bu il informatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) tədbirin qonağı oldu. Dəvət olunmuş digər qonaqlarla birlikdə texniki sahələrdə qadınların iştirakı barədə panel müzakirəsi keçirildi. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili oldu.
Beynəlxalq “womEncourage” konfransı
“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunur. Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirdinizsə, 10 aprel, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollamaq lazım idi.
Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.