Ada mirası: informatikada qadınlar 2018

Qadınların informatika sahəsində peşəkar inkişaf və elmi araşdırma imkanları sizi də maraqlandırır? Maraqlı çıxışlar dinləmək, beynəlxalq “womEncourage 2018” konfransında iştirak etmək istərdiniz? Elə isə "Ada mirası: informatikada qadınlar" tədbirinə qoşulun.

Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 21 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 3-cü ACM tədbirinə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage 2018” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 11.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq.

ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməlisiniz. Qeydiyyat cümə günü, 20 aprel, saat 12:00-da bağlanacaq. Tədbir barədə daha geniş aşağıda oxuyun.

“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 3-cü il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womEncourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi, ötən il isə bu say artıq 7 nəfərə çatdı.

Bu il qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Ada mirası”nın qonağıdır. Tədbirdə Barselonadakı ötənilki “womENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar olacaq. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək və təqdimatçılara məsləhətlər veriləcək. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dilidir.

Beynəlxalq “womEncourage” konfransı

Konfrans bu il 3-5 oktyabr Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Hər il “womENcourage” həm də bakalavr, magistr və dokotrantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə biləcəklər. Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər.

Əgər tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirdinizsə, 16 aprel, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollamaq lazım idi. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

 Əlavə materiallar

> Mətbuat üçün açıqlama (26 mart 2018) “Ada mirası” ilk proqramçının qadın olduğunu bir daha xatırladır
> Tədbirin proqramı / Event programme
> Tədbirdə çəkilmiş foto-şəkillər
> Ada mirası 2017 / Ada mirası 2016
> Davranış qaydaları (ingiliscə) / Code of Conduct