7-ci “womENcourage” beynəlxalq virtual toplantısı Bakıda keçiriləcək

Baku bay view with womENcourage 2020 logo

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 10 avqust 2020

Sentyabrın 24-27-də ADA Universitetinin, “ACM-W” Avropanın təşkilatçılığı, Azərbaycan Konqreslər Bürosu, “PASHA Bank”, “Amazon” və “IBM” şirkətinin dəstəyi, “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə ACM-in İnformatikada qadınların fəal iştirakını təşviq edən 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək. ADA Universitetinin ev sahibliyi ilə həyata keçiriləcək bu beynəlxalq tədbir hər il müxtəlif ölkələrdə, dünya səviyyəli çıxışçıların iştirakı ilə keçirilir və toplantı çərçivəsində ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafon təşkil edilir. Builki toplantının iştirakçıları isə pandemiya səbəbindən onlayn görüşəcəklər.

ACM (Association for Computing Machinery (“ey-si-em”), Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilat tərəfindən verilir.

“womENcourage”in məqsədi texniki sahələrdə təhsil alan və ya fəaliyyət göstərən xanımları bir araya gətirmək, qadınları karyeralarını informatika sahəsində qurmağa həvəsləndirmək, onlara öz nailiyyət və təcrübələrini, elmi-tədqiqat nəticələrini təqdim etmək imkanı yaratmaqdır. Lakin “bərabərliyin iki tərəfi var” şüarı altında keçiriləcək builki konfrans informatika sahəsindəki insanlar arasında müxtəliflik və balansı təbliğ etmək məqsədilə yalnız qadınların deyil, rekord sayda kişilərin də iştirakını hədəfləyib.

Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM Prezidenti iştirakçıları salamlayacaq. Rəsmi açılışı edəcək ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal söyləyir: “Əminəm ki, dünyanın lider təhsil və sənaye müəssisələrində aparılan qabaqcıl tədqiqatlar barədə çıxışlar informatika sahəsini seçmiş gənc qızlar, həmçinin oğlanları daha da həvəsləndirəcək”. Tədbirin ilk iki günü nüfuzlu çıxışçılar “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparacaqlar. Konfrans proqramına 5 fərqli qitədən 17 ölkəni təmsil edən tələbə və tədqiqatçıların göndərdiyi və Beynəlxalq Komitənin seçdiyi 30 posterin təqdimatı daxildir.

Qeyd edək ki, “womENcourage 2020” iştirakçıları karyera yarmarkasına və haker marafonuna (“hakathon”) qoşulmaq imkanı da əldə edəcəklər. Onlar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə virtual ünsiyyət quraraq müvafiq vakansiyalardan yararlana biləcəklər. Hakafonda isə haker komandaları real həyatda üzləşdiyimiz problemə texnoloji həll irəli sürərək funksional prototip yaratmaq üçün yarışacaqlar. Bu mübarizəyə qatılmaq üçün bilavasitə proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.

ADA Universiteti və tərəfdaşları sizi 31 avqustadək davam edəcək erkən qeydiyyatdan keçməklə informatika sahəsində yeni bilik və təcrübələri öyrənməyə, tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edir.

Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.