İlk proqramçı Ada Lavleysin davamçıları ənənəvi ACM tədbirinə toplanacaqlar

Girsl and boys at Google HashCode 2017

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 19 aprel 2019

ACM beynəlxalq təşkilatının Azərbaycan bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 4-5 may tarixində “Bərabərliyin iki tərəfi var” mövzusunda 4‑cü “Ada mirası” tədbirinə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womENcourage” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 10.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş məlumat https://azerbaijan.acm.org/ada-s-legacy ünvanında əldə edilə bilər.

Tədbirin adı – “Ada mirası” ilk kompüter proqramçısı, ingilis riyaziyyatçısı xanım Ada Lavleysin (1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 4-cü il keçirilən tədbirin məqsədi xanımları texniki sahələr, o cümlədən informatikanın müxtəlif istiqamətləri üzrə təhsil almağa və karyera qurmağa təşviq etmək, onları beynəlxalq “womENcourage 2019” konfransında iştirak etməyə həvəsləndirməkdir. Azərbaycan ACM Bölməsinin icraçı şurasının üzvü, ADA Universiteti İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov bildirir: “2016-cı ildə keçirilən birinci tədbirdən bəri hər il ən azı 5 azərbaycanlı tələbə təqaüd qazanaraq bu beynəlxalq konfransda iştirak edib”.

Builki “Ada mirası”nın proqramı genişlənərək iki gün davam edəcək. Proqramın “Ulduz Müharibələri” (Star Wars®) gününə təsadüf edən ilk günündə ötən il Belqradda keçirilmiş “womENcourage” tədbirində və mühəndis qadınların dünyada ən böyük toplantısı olan “Qreys Hopper” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər, maraqlı mövzularda çıxışlar olacaq.

Nahardan sonra beynəlxalq Elmi Komitə tərəfindən seçilmiş tələbə tədqiqat işlərinin təqdimatı olacaq. Həmçinin paralel sessiyalarda informatikanın tədrisi istiqamətində “Kod Saatı” layihəsi və “Unity” oyun tərtibatı plantforması barədə seminarlar keçiriləcək. Üçüncü bir sessiyada iki sənədli film – Ada Lavleysin həyatından bəhs edən “İnformatikanın şahzadəsi: Ada tənliyini həll edərkən” və video-oyun tərtibatçıları barədə “Müstəqil oyun: kinofilm” nümayiş etdiriləcək. Növbəti gün isə video-oyunların hazırlanması mövzusunda hakafon (haker marafonu) təşkil ediləcək. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dilidir.

Qeyd edək ki, beynəlxalq “womENcourage” konfransı bu il 16-18 sentyabrda, İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək. Konfrans barədə daha geniş məlumatı https://womencourage.acm.org/ ünvanından almaq olar. Hər il “womENcourage” həm də bakalavr, magistr və doktorantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə bilirlər.

Azərbaycan ACM-W Bölməsinin sədri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Ulduzə Xəlilova izah edir: “Ötən il nəhayət ki, bu beynəlxalq konfransda ilk dəfə Azərbaycandan olan 3 tədqiqat posterini görə bildik, tələbələrimiz elmi işlərini uğurla təqdim etdilər. Ümid edirik ki, bu bir ənənəyə çevriləcək”. Əgər tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 1 may, saat 18.00-a qədər https://azerbaijan.acm.org/ada-s-legacy səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın.

İnformatika tarixində Ada Lavleyslə (Ada Lovelace, 1815-1852) bərabər yer alan digər məşhur qadınların sırasında proqramalaşdırma dili üçün ilk kompilyatorun tərtibatçısı Qreys Hopper (Grace Hopper, 1906-1992), Texnologiya sahəsində Qadınlar İnstitutunun qurucusu Anita Borq (Anita Borg, 1949-2003), “Apollo” kosmik proqramında uçuş modullarının proqram təminatının hazırlanmasına rəhbərlik etmiş Marqaret Hamilton (Margaret Hamilton, 1936) və infromatika sahəsinin Nobel mükafatı hesab olunan ACM Türinq mükafatına layiq görülmüş Barbara Liskovun (1939) adlarını çəkmək olar.

REDAKTORLAR ÜÇÜN QEYD

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: https://www.acm.org/

ACM-W (Association for Computing Machinery’s Council on Women in Computing) ACM-in informatikada qadınlar üzrə şurasıdır, informatika sahəsinin bütün istiqamətlərinə qadınların tam cəlb olunmasını beynəlxalq səviyyədə dəstəkləyir, təbliğ və təşviq edir. Veb-saytı: https://women.acm.org/

Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımız: https://azerbaijan.acm.org/ Bölmənin ACM-W şurası 29 dekabr 2014-cü ildə fəaliyyətə başlayıb. Hazırda ADA Universiteti və Bakı Mühəndislik Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.


1 thought on “İlk proqramçı Ada Lavleysin davamçıları ənənəvi ACM tədbirinə toplanacaqlar”

Comments are closed.