Stənfordlu professor ADA Universitetində seminarlar keçirəcək

Big Data Weekend with Prof. Jennifer Widom

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 2 aprel 2017

Azərbaycan ACM Bölməsi və ADA Universiteti tələbə və mütəxəssisləri 15-17 aprel “Big Data Weekend” seminarlarına dəvət edir. İnformatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) ADA Universitetində böyük ölçülü verilənlər (“big data”) barəsinə təqdimat edəcək, daha sonra üç gün ərzində tələbə və mütəxəssislər üçün seminarlar keçirəcək.

“Böyük ölçülü verilənlər: perspektivlər və problemlər” mövzusunda ümumi təqdimat 15 aprel, saat 10.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. ADA Universitetindən kənar qonaqların iştirak etmək üçün 13 aprel, saat 12.00-a qədər “Təqdimat iştirakçısı” kimi qeydiyyatdan keçməyi xahiş olunur: https://big-data-2017.eventbrite.com/ Təqdimat ingilis dilində ediləcək və hər kəsə açıq olacaq.

Əgər ingilis dilini yaxşı bilməklə yanaşı məntiq və sadə riyaziyyatdan xəbərdarsınızsa, təməl proqramlaşdırma bacarıqlarınız varsa, üç gününüzü tamamən laptopunuzla sinif otağında keçirməyə hazırsınızsa, “Seminar iştirakçısı” kimi qeydiyyatdan keçə bilərsiniz. Seminarda iştirak üçün ərizələrin qəbulu 10 aprel, saat 18.00-a qədər davam edəcək, seçilmiş iştirakçılara e-poçtla məlumat veriləcək. 15 aprel ümumi təqdimatdan sonra seminarlar 16-17 aprel, saat 9.30-dan 18.00-a qədər ADA Universitetinin B Binasında davam edəcək. Təlim ingilis dilində aparılacaq.

“Big Data Weekend” (“biq deyta uikend”), yəni “Böyük Ölçülü Verilənlərlə Həftə Sonu” adlanan bu qısa kurs çərçivəsində Prof. Uidomun təqdim etdiyi seminarlar verilənlərin analizi və vizualizasiyası, maşın öyrənməsinin əsasları kimi mövzuları əhatə edəcək. Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü, ADA Universitetinin baş müəllimi Dr.Araz Yusubov izah edir: “Bu, çox maraqlı və intensiv bir kursdur. Təqdimatlar tələbələrlə sual-cavab, birgə tapşırıqların həlli, Piton proqramlaşdırma dilində praktik məşğələlərlə müşayiət olunacaq”.

Prof. Uidomun Azərbaycana səfəri onun 2016-17-ci tədris ili ərzində 4 qitədə yerləşən 15-dən çox ölkədə verdiyi açıq seminarlardan ibarət Tədris Odisseyasının bir hissəsidir. Bu barədə daha geniş məlumatı https://www.professorwidom.org/ ünvanından almaq olar.

REDAKTORLAR ÜÇÜN QEYD

Prof. Cennifer Uidom (Jennifer Widom) Stənford Universitetində Mühəndislik Fakültəsinin dekanı, informatika və elektrik mühəndisliyi üzrə professordur. O, 2009-14-cü illər İnformatika kafedrasının müdiri, 2014-16-cı illərdə isə Mühəndislik Fakültəsi dekanının baş müavini işləyib. İnformatika üzrə doktorluq dərəcəsini 1987-ci ildə Kornell Universitetində qazanıb, 1993-cü ildə Stənford Universitetinə gələnə qədər IBM Almaden Tədqiqat Mərkəzində elmi araşdırma ilə məşğul olub. O, 2005-ci ildə ACM-in şura üzvü (ACM Fellow) seçilib, 2015-ci ildə ACM Afina Lektor Mükafatı, 2007-ci ildə isə ACM SIGMOD Edqar F. Kodd İnnovasiya Mükafatına layiq görülüb. Daha geniş məlumat: https://cs.stanford.edu/people/widom/

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: https://www.acm.org/

Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımız: https://azerbaijan.acm.org/ Hazırda ADA Universiteti və Azərbaycan Texniki Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.


1 thought on “Stənfordlu professor ADA Universitetində seminarlar keçirəcək”

Comments are closed.