“Ada mirası” beynəlxalq konfrans ərəfəsində ilk proqramçının qadın olduğunu xatırladır
Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 18 mart 2017
Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 15 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 2-ci ACM tədbirinə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2017” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş https://azerbaijan.acm.org/womencourage ünvanında məlumat almaq mümkündür.
“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) tarixi rolunu qeyd edir. Artıq 2-ci il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womEncourage 2017” konfransında iştirak etməyə həvəsləndirməkdir.
Ötənilki tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi. Bu dəfə onlar tədbir iştirakçıları ilə konfrans təcrübələrini bölüşəcəklər. Bu il informatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) tədbirin qonağı olacaq. Dəvət olunmuş digər qonaqlarla birlikdə texniki sahələrdə qadınların iştirakı barədə panel müzakirəsi keçiriləcək. Daha sonra panelçilər konfrans üçün təqdim olunan tədqiqat işlərini qiymətləndirəcək, təqdimatçılara məsləhətlər verəcəklər. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.
Beynəlxalq “womEncourage” konfransının sponsoru ACM-W, informatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurasıdır. Builki konfrans 6-8 sentyabr Barselona şəhərində, Kataloniya Politexnik Universitetində keçiriləcək. Məqsəd xanım tələbələri, tədqiqatçı və peşəkarları informatikada öz nailiyyət və təcrübələrini bölüşmək üçün bir araya gətirməkdir.
“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 10 aprel, saat 18.00-a qədər https://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın.
Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü Ulduzə Xəlilova izah edir: “Ümid edirik ki, panelçilərin tövsiyyələri təqdimatçılar üçün faydalı olacaq, Azərbaycandan göndərilən posterlərin seçilməyinə kömək edəcək”. Konfrans barədə daha geniş məlumatı https://womencourage.acm.org/ ünvanından almaq olar.
REDAKTORLAR ÜÇÜN QEYD
İnformatika tarixində Ada Lavleyslə bərabər yer alan digər məşhur qadınların sırasında proqramalaşdırma dili üçün ilk kompilyatorun tərtibatçısı Qreys Hopper (Grace Hopper, 1906-1992), Texnologiya sahəsində Qadınlar İnstitutunun qurucusu Anita Borq (Anita Borg, 1949-2003), “Apollo” kosmik proqramında uçuş modullarının proqram təminatının hazırlanmasına rəhbərlik etmiş Marqaret Hamilton (Margaret Hamilton, 1936) və infromatika sahəsinin Nobel mükafatı hesab olunan ACM Türinq mükafatına layiq görülmüş Barbara Liskovun (1939) adlarını çəkmək olar.
ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: https://www.acm.org/
ACM-W (Association for Computing Machinery’s Council on Women in Computing) ACM-in informatikada qadınlar üzrə şurasıdır, informatika sahəsinin bütün istiqamətlərinə qadınların tam cəlb olunmasını beynəlxalq səviyyədə dəstəkləyir, təbliğ və təşviq edir. Veb-saytı: https://women.acm.org/
Azərbaycan ACM Bölməsi Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımız: https://azerbaijan.acm.org/ Bölmənin ACM-W şurası 29 dekabr 2014-cü ildə fəaliyyətə başlayıb. Hazırda ADA Universiteti və Azərbaycan Texniki Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.
1 thought on ““Ada mirası” beynəlxalq konfrans ərəfəsində ilk proqramçının qadın olduğunu xatırladır”
Comments are closed.