İnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir

Ada's Legacy 2016 ACM Celebration of Women in Computing

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 14 aprel 2016

Azərbaycan ACM Bölməsi hər kəsi 30 aprel “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edir. ACM-W Avropanın dəstəyi ilə informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransı ərəfəsində keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş məlumatı http://azerbaijan.acm.org/womencourage ünvanından almaq mümkündür.

İngilis riyaziyyatçısı Ada Lavleys (Ada Lovelace, 1815-1852) ilk kompüter proqramçısı hesab olunur. Onun tarixi rolunu qeyd edən “Ada mirası: informatikada qadınlar” texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, onları informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etməyə həvəsləndirmək məqsədi daşıyır. Çıxışçılar qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları barədə şəxsi təcrübələrini bölüşəcəklər. Daha sonra konfrans üçün öz layihələrini təqdim edən iştirakçılar münsiflər tərəfindən qiymətləndiriləcək, məsləhətlər alacaqlar. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

İnformatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurası ACM-W beynəlxalq womEncourage konfransının sponsorudur. Builki konfrans 12-13 sentyabr Avstriyanın Lints şəhərində, İohann Kepler Universitetində keçiriləcək. Bakıdakı tədbirdə çıxış edəcək ACM-W Avropanın sədri, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer söyləyir: “Bu konfransın məqsədi informatikada öz nailiyyət və təcrübələrini təqdim etmək və bölüşmək üçün bakalavr, magistr və dokotrantura tələbələri, habelə tədqiqatçı və peşəkarları bir araya gətirməkdir”.

“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Müraciət etmək üçün son tarix 9 may 2016-cı ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində peşəkar münsiflər heyətinin rəyini öyrənmək istəyirsinizsə, 28 aprel, saat 18.00-a qədər http://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın. Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü, elektron xidmətlər üzrə mütəxəssis Ulduzə Xəlilova izah edir: “Ümid edirik ki, münsiflərin rəyi Azərbaycandan göndərilən posterlərin qəbul olunmasına kömək edəcək. Çalışacağıq ki, ən yaxşı təqdimatçıların posterləri qəbul olunmazsa belə onların konfransda iştirakı üçün təqaüd ayıraq”.

REDAKTORLAR ÜÇÜN QEYD

İnformatika tarixində Ada Lavleyslə bərabər yer alan digər məşhur qadınların sırasında proqramalaşdırma dili üçün ilk kompilyatorun tərtibatçısı Qreys Hopper (Grace Hopper, 1906-1992), Texnologiya sahəsində Qadınlar İnstitutunun qurucusu Anita Borq (Anita Borg, 1949-2003), “Apollo” kosmik proqramında uçuş modullarının proqram təminatının hazırlanmasına rəhbərlik etmiş Marqaret Hamilton (Margaret Hamilton, 1936) və infromatika sahəsinin Nobel mükafatı hesab olunan ACM Türinq mükafatına layiq görülmüş Barbara Liskovun (1939) adlarını çəkmək olar.

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: http://www.acm.org/

ACM-W (Association for Computing Machinery’s Council on Women in Computing) ACM-in informatikada qadınlar üzrə şurasıdır, informatika sahəsinin bütün istiqamətlərinə qadınların tam cəlb olunmasını beynəlxalq səviyyədə dəstəkləyir, təbliğ və təşviq edir. Veb-saytı: http://women.acm.org/

Azərbaycan ACM Bölməsi Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Bölmənin ACM-W şurası 29 dekabr 2014-cü ildə fəaliyyətə başlayıb. Veb-saytımız: http://azerbaijan.acm.org/


1 thought on “İnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir”

Comments are closed.