Tələbələr arasında beynəlxalq ACM ICPC proqramlaşdırma yarışının ölkə mərhələsi keçirilir

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 6 noyabr 2014
Universitet Tələbələrinin 39-cu ACM ICPC (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin ¼ final və ya ölkə mərhələsi 9 noyabr 2014-cü ildə keçiriləcək.
Saat 10.00-da Qafqaz Universitetində müsabiqənin rəsmi açılışı olacaq. Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, IEEE Azərbaycan bölməsi və Azərbaycan ACM Bölməsidir. Xatırladaq ki, ACM ICPC müsabiqəsinin Azərbaycan üzrə regional direktoru Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, münsiflər heyətinin sədri isə Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadədir.
Müsabiqədə müxtəlif universitetlərin komandaları iştirak edir, qalib komandalar regional yarımfinala vəsiqə qazanır. İştirak edən hər komanda 3 nəfər bakalavr və ya magistratura səviyyəsində təhsil alan tələbədən ibarət olur. Komandalar 5 saat ərzində verilən məsələləri həll etməyə çaılışır. Beynəlxalq İnformatika Olimpiadasından fərqli olaraq burada bir məsələnin həlli ancaq bütün testləri uğurla keçdikdə düzgün hesab olunur. Komandalara 9-11 alqoritmik məsələnin şərti verilir və müsabiqə zamanı iştirakçılar məsələlərin həllini C, C++, C#, Cava (Java), Paskal (Pascal) proqramlaşdırma dillərindən birində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərirlər. Məsələlərin həlli bu sistem vasitəsilə yoxlanır və komandaya uyğun ballar verilir. Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatı http://icpc.baylor.edu veb-saytından əldə etmək olar.
REDAKTORLAR ÜÇÜN QEYD
ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytı: http://www.acm.org/
Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Veb-saytımz: http://azerbaijan.acm.org/
1 thought on “Tələbələr arasında beynəlxalq ACM ICPC proqramlaşdırma yarışının ölkə mərhələsi keçirilir”
Comments are closed.