Bakıda video-oyunlar barədə sənədli filmin premyerası oldu

Spectators at the Indie Game: The Movie screening

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 30 avqust 2013

Video-oyunların yaradılması barədə ilk tammetrajlı sənədli filmin yerli premyerası “Park Cinema”nın dəstəyi ilə Azərbaycan ACM Bölməsi tərəfindən keçirildi. 2012-ci il Sandəns Film Festivalının qalibi olmuş “Müstəqil oyun: kinofilm” (Indie Game: The Movie) orijinal ingilis dilində, Azərbaycanca subtitrlərlə nümayiş olundu. Filmin ictimai nümayiş üçün əldə olunması və subtitrlərin hazırlanması Azərbaycan ACM Bölməsi tərəfindən həyata keçirilib. Premyera 28 avqust, çərşənbə günü, saat 20:00-da “Metropark Park Cinema”da baş tutdu.

Filmin treylerinə buradan baxmaq olar: www.youtube.com/watch?v=69htFBfywEQ.

“Müstəqil oyun: kinofilm”in treyleri

Üç məşhur müstəqil oyunun yaradıcılıq hekayəsini nəql edən “Müstəqil oyun: kinofilm” əsasən tələbələr arasında geniş marağa səbəb oldu. Filmin nümayişindən əvvəl Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov qonaqları salamlardı. Tədbiri dostları arasında ən uğurla təbliğ edən üç tamaşaçıya Azərbaycan ACM Bölməsi tərəfindən kiçik hədiyyələr verildi. Bundan əlavə, “İşğal altında” video-oyununun müəllifi olan “AzDimensions” komandası bu üç nəfər arasında ən yaxşı göstəriciyə malik iştirakçıya xüsusi hədiyyə təqdim etdi.

“ACM informatika üzrə ən mötəbər qlobal elm və təhsil təşkilatıdır, – Araz Yusubov dedi, – Yerli peşəkar bölmənin fəaliyyəti əsasən kiçik maraq qrupları üçün seminarlardan ibarətdir. Ümid edirik ki, bu cür film nümayişi daha geniş auditoriyanı maraqlandıracaq. Film sənədli olsa da, kifayət qədər emosional tərzdə çəkilib və əminəm ki, nəinki proqramlaşdırma və ya kompüter oyunları ilə maraqlanan gənclər, həm də bütün yaradıcı insanların rəğbətini qazanacaq”.

“Park Cinema”nın PR meneceri Nərgiz Rəfiyeva bildirdi ki, təmsil etdiyi kinoteatrlar şəbəkəsi öz ənənəsinə sadiq qalaraq pulsuz premyera keçirməklə bu maarifləndirici təşəbbüsə dəstək olub: “Bu il ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları ili elan olunmuşdur və ümid edirik ki, filmin nümayişi ilə bu sahənin populyarlaşmasına öz töhfəmizi verəcəyik”.

Premyeraya 50-yə yaxın informasiya texnologiyaları üzrə mütəxəssis, universitet müəllimləri və tələbələr gəldi. Peşəkar proqramçı Emin Quliyev təəssüratlarını bölüşdü: “Çox maraqlı bir tərzdə çəkilmiş, hər addımında özümü gördüyüm unikal bir film idi. Çox xoşuma gəldi, seyrdən həzz aldım və həvəsləndim”. İqtisadiyyat istiqamətində xaricdə təhsil alan Kənan Kərimzadə dedi: “Film çox gözəl idi, subtitrlər də çox ləzzət elədi. Tərcümə və təşkilatçılığa görə Azərbaycan ACM bölməsinə təşəkkür edirəm”.

Tədbirdə çəkilmiş foto-şəkilləri buradan əldə etmək olar: https://www.facebook.com/media/set/?set=a.362350927228657.1073741827.228057563991328&type=1&l=f11d30048e

REDAKTORLAR ÜÇÜN QEYD

Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytımz: http://azerbaijan.acm.org/

Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.

“Müstəqil oyun: kinofilm” (Indie Game: The Movie) video-oyunların yaradılması barədə ilk tammetrajlı sənədli filmdir. Film video-oyun sənayesinin autsayderlərinə, ömürlərinə hakim kəsilmiş xəyallarını dünya ilə bölüşmək arzularını həyata keçirmək üçün pul, sağlamlıq və əsəblərini qurban verən müstəqil oyun tərtibatçılarına həsr olunub. Daha geniş burada: http://www.indiegamethemovie.com/about/ “Müstəqil oyun: kinofilm” Kanadalı müstəqil rejissorlar, Lizan Pajo (Lisanne Pajot) və Ceyms Svirski (James Swirsky) tərəfindən çəkilmiş 96 dəqiqəlik sənədli filmdir. Üç məşhur müstəqil oyunun yaradıcılıq hekayəsini nəql edən filmin orijinal musiqisini Kanadalı bəstəkar Cim Qatri (Jim Guthrie) bəstələyib.


1 thought on “Bakıda video-oyunlar barədə sənədli filmin premyerası oldu”

Comments are closed.