Bakıda video-oyunlar barədə sənədli filmin premyerası olacaq

Spectators before the Indie Game: The Movie premiere

Mətbuat üçün açıqlama / dərhal yaymaq üçün
Bakı, 22 avqust 2013

Video-oyunların yaradılması barədə ilk tammetrajlı sənədli filmin yerli premyerası “Park Cinema”nın dəstəyi ilə Azərbaycan ACM Bölməsi tərəfindən keçiriləcək. 2012-ci il Sandəns Film Festivalının qalibi olmuş “Müstəqil oyun: kinofilm” (Indie Game: The Movie) orijinal ingilis dilində, Azərbaycanca altyazısı ilə nümayiş olunacaq. Premyera 28 avqust, çərşənbə günü, saat 20:00-da “Metropark Park Cinema”da keçiriləcək. Filmin treylerinə buradan baxmaq mümkündür: www.youtube.com/watch?v=69htFBfywEQ.

“Müstəqil oyun: kinofilm”in treyleri

ACM informatika üzrə ən qədim qlobal elm və təhsil təşkilatıdır. Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov deyir: “Yerli peşəkar bölmənin fəaliyyəti əsasən kiçik maraq qrupları üçün seminarlardan ibarətdir. Ümid edirik ki, bu cür film nümayişi daha geniş auditoriyanı maraqlandıracaq. Film sənədli olsa da, kifayət qədər emosional tərzdə çəkilib və əminəm ki, nəinki proqramlaşdırma və ya kompüter oyunları ilə maraqlanan gənclər, həm də bütün yaradıcı insanların rəğbətini qazanacaq”. Filmin ictimai nümayiş üçün əldə olunması və Azərbaycan dilində subtitrlərin hazırlanması Azərbaycan ACM Bölməsi tərəfindən həyata keçirilib.

“Park Cinema”nın PR meneceri Nərgiz Rəfiyeva bildirir ki, təmsil etdiyi kinoteatrlar şəbəkəsi öz ənənəsinə sadiq qalaraq pulsuz premyera keçirməklə bu maarifləndirici təşəbbüsə dəstək olub: “Bu il ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları ili elan olunmuşdur və ümid edirik ki, filmin nümayişi ilə bu sahənin populyarlaşmasına öz töhfəmizi verəcəyik”.

“Müstəqil oyun: kinofilm” əsasən tələbələr arasında geniş marağa səbəb olub və premyerada bütün tamaşaçı yerləri çox sürətlə tutulub. Filmin nümayişindən əvvəl tədbiri dostları arasında ən uğurla təbliğ edən üç tamaşaçıya Azərbaycan ACM Bölməsi tərəfindən kiçik hədiyyələr veriləcək. Bundan əlavə, “İşğal altında” video-oyununun müəllifi “AzDimensions” komandası bu üç nəfər arasında ən yaxşı göstəriciyə malik iştirakçıya xüsusi hədiyyə təqdim edəcək.

REDAKTORLAR ÜÇÜN QEYD

Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Veb-saytımz: http://azerbaijan.acm.org/

Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.

“Müstəqil oyun: kinofilm” (Indie Game: The Movie) video-oyunların yaradılması barədə ilk tammetrajlı sənədli filmdir. Film video-oyun sənayesinin autsayderlərinə, ömürlərinə hakim kəsilmiş xəyallarını dünya ilə bölüşmək arzularını həyata keçirmək üçün pul, sağlamlıq və əsəblərini qurban verən müstəqil oyun tərtibatçılarına həsr olunub. Daha geniş burada: http://www.indiegamethemovie.com/about/

“Müstəqil oyun: kinofilm” Kanadalı müstəqil rejissorlar, Lizan Pajo (Lisanne Pajot) və Ceyms Svirski (James Swirsky) tərəfindən çəkilmiş 96 dəqiqəlik sənədli filmdir. Üç məşhur müstəqil oyunun yaradıcılıq hekayəsini nəql edən filmin orijinal musiqisini Kanadalı bəstəkar Cim Qatri (Jim Guthrie) bəstələyib.


1 thought on “Bakıda video-oyunlar barədə sənədli filmin premyerası olacaq”

Comments are closed.