Ada mirası: informatikada qadınlar 2016

Qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları sizi də maraqlandırır? İnformatikada xanımların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etmək istərdiniz? Elə isə "Ada mirası: informatikada qadınlar" tədbirində iştirak edə bilərdiniz.

Azərbaycan ACM Bölməsi hər kəsi 30 aprel “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbirdə iştriak etməyə dəvət edirdi. ACM-W Avropanın dəstəyi ilə informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransı ərəfəsində keçirilən bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başladı.

ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməli idiniz. Qeydiyyat cümə axşamı, 28 aprel, saat 12:00-da bağlanacaqdı. Tədbir barədə daha geniş aşağıda oxuyun.

İngilis riyaziyyatçısı Ada Lavleys (Ada Lovelace, 1815-1852) ilk kompüter proqramçısı hesab olunur. Onun tarixi rolunu qeyd edən “Ada mirası: informatikada qadınlar” texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, onları informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etməyə həvəsləndirmək məqsədi daşıyırdı.

Çıxışçılar qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları barədə şəxsi təcrübələrini bölüşdülər. Daha sonra konfrans üçün öz layihələrini təqdim edən iştirakçılar münsiflər tərəfindən qiymətləndirildi, məsləhətlər aldılar. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili oldu.

“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunur. Müraciət etmək üçün son tarix 9 may 2016-cı ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

Posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində peşəkar münsiflər heyətinin rəyini öyrənmək istəyirdinizsə, 28 aprel, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollamaq lazım idi.

 Əlavə materiallar

> Mətbuat üçün açıqlama (14 aprel 2016) İnformatikada qadınlara həsr olunmuş tədbir xanımları beynəlxalq konfransda iştirak etməyə həvəsləndirir
> Tədbirin proqramı / Event programme