Ada mirası: informatikada qadınlar

Qadınların informatika sahəsində peşəkar inkişaf və elmi araşdırma imkanları sizi də maraqlandırır? İnformatikanın canlı əfsanələrindən Professor Cennifer Uidomla görüşmək, beynəlxalq “womEncourage 2017” konfransında iştirak etmək istərdiniz? Elə isə "Ada mirası: informatikada qadınlar" tədbirinə gəlin.

Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi hər kəsi 15 aprel “Ada mirası: informatikada qadınlar” mövzusunda 2-ci ACM tədbirinə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2017” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq.

ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməlisiniz. Qeydiyyat cümə axşamı, 13 aprel, saat 12:00-da bağlanacaq. Tədbir barədə daha geniş aşağıda oxuyun.

“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) tarixi rolunu qeyd edir. Artıq 2-ci il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womEncourage 2017” konfransında iştirak etməyə həvəsləndirməkdir.

Ötənilki tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi. Bu dəfə onlar tədbir iştirakçıları ilə konfrans təcrübələrini bölüşəcəklər. Bu il informatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) tədbirin qonağı olacaq. Dəvət olunmuş digər qonaqlarla birlikdə texniki sahələrdə qadınların iştirakı barədə panel müzakirəsi keçiriləcək. Daha sonra panelçilər konfrans üçün təqdim olunan tədqiqat işlərini qiymətləndirəcək, təqdimatçılara məsləhətlər verəcəklər. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

Beynəlxalq “womEncourage” konfransı

“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 10 aprel, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollayın.

Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər. Müraciət etmək üçün son tarix 30 aprel 2017-ci ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

 Əlavə materiallar

> Mətbuat üçün açıqlama (18 mart 2017) “Ada mirası” beynəlxalq konfrans ərəfəsində ilk proqramçının qadın olduğunu xatırladır
> Tədbirin proqramı / Event programme
> Davranış qaydaları (ingiliscə) / Code of Conduct